İnsaniliyə Bərabər – İşıqlı Atalı

İşıqlı Atalı

Mütləqə İnam Ocağının Yükümlüsü

İnsaniliyə Bərabər

Asif Atanın özüylədöyüş qaydası

Bəşərin əlçatmaz, qüdrətli Kamil İnsanı olan İnam Ata bənzərsiz özüylədöyüş qaydası yaratmışdı: bunsuz kamilləşmək mümkün deyildi. Danışırdı ki, öncə diqqətlə nöqsanlarımı öyrəndim, sonra başladım onlarla döyüşməyə: “Siyahı tutdum. Çoxlu nöqsan vardı. Özümə güzəşt eləmədim. Özümə inandığım dərəcədə özümdəki nöqsanlara qarşı amansız oldum. Hər gün özümə ruhani hesabat verdim. 1980-cı ildə artıq kamil idim”. Ata özünün tam kamil olmasını DTK ilə döyüşdə sübut etdi.

İnam Atada heç zaman arxayınçılıq yox idi

O, özünü mütləqilik üstə kökləmiş və özündə olan bütün nöqsanları öldürmüşdü. Danışırdı ki, Onda özəlliklə qorxu ilə döyüş gərgin keçib: “Ancaq anadangəlmə məndə həmişə qorxusuzluq güclü olub. Bir neçə nöqsanla döyüşüm gərgin oldu, ancaq inanırdım ki, kamil olacağam. Oldum da”.

İnsanlıq hələ başlamayıb

Daxilindəki Mütləqliyə qarşısıalınmaz, hərarətli, həsrətli, ehtiraslı meyil Kamilliyə qovuşmaqla sonuclandı: Ata: “Deyirlər ki, Kamillik artıq sondur. Bu, boş sözdür, əksinə, İnsan Kamil olandan sonra sanki yenidən doğulur”.
Ata Mütləq inamlı idi, bu üzdən də bədbinliyi, bədbinləri heç vaxt sevməzdi, onları ardıcıl qamçılayardı. “İnsanlığın sonundan danışırlar. İnsanlıq nə zaman başlayıb ki, qurtarsın da”?!

Kamillik daim artmağı tələb edir

İnam Ata daim oxuyur, düşünürdü. Baxmayaraq ki, o çoxdan Kamil idi. Zəngin, ölçüyəgəlməz ruhani təcrübəyə malik idi. Həmişə yeni-yeni ideyalar yaradırdı. Deyirdi ki, hər hansı bir şey artmayanda azalır. Gərək dayanmadan artasan. Ocaq həmişə özünəməxsusluğunu, bənzərsizliyini saxlayacaq, çünki İnamımızın özülü güclü və olduqca genişdir”.

Hər gün özünü təhlil edirdi

Ata hər gün baş verən Ocaq hadisələrini, bir sözlə, bütün olub-bitənləri axşamlar təhlil edirdi. Özəlliklə Ocaqla bağlı nəsə onun yadından çıxmazdı. Gündə görəcəyi işlər üçün qeyd dəftəri tutmazdı: yaddaşı olduqca güclü idi.
Özünə sahibydi. Halı dəyişmirdi. Deyirdi: “İnsan niyə bu günə düşüb? Çünki özündən ayrılıb. Özüylə tək qalmağa qorxub. Başını itirib, içi Şərlə daha da dolub”.

Vəhyliydi!

İnam Atada Vəhy yağış kimi, Dolu kimi yağırdı. Adi danışığında, söhbətində belə vəhyliydi. Ona görə çox zaman vəhyi yığıb-yığışdıra bilmirdi. Vəhyli danışmaq onun üçün adi qeyri-adilik idi.
Vəhy Ataya yerə-göyə sığmayan fərəh gətirirdi. Deyirdi: “Mən ərizəni də Vəhysiz yazmamışam”.

“Oxumağa kitab qalmayıb”

Dünyada özünə qədər olan bütün söz yiyələrini oxumuşdu. Ömrünün son illərində deyirdi ki, artıq oxumadığı kitab qalmayıb. Evladlara isə bütün dünyanı oxumağı məsləhət bilmirdi. Zarafatla deyirdi ki, Ata sizin yerinizə dünyanı oxuyub. Evladların ilk olaraq oxuması üçün “25 söz” adlı yazı yazdı. Burada Ocaqçının oxuması gərəkli sayılan dünya üzrə 25 yazarın əsərləri göstərilib. “Ata Kitablarıyla yanaşı, bunları da oxusanız bəsdir” deyirdi.

Ocaqla nəfəs alırdı

Vaxtı hədsiz az idi. Çox tələsirdi, çünki işi çox idi. Dostu Amalı, Ocağı idi: “Atanın müəllimi Tənhalıq olub” – deyirdi.
Hədsiz bəxtəvər idi. Ocaqla nəfəs alırdı. Fikir söyləyəndə tələsməzdi. Ocaqdan Evladı çıxarmaq Ata üçün əzablı idi, ancaq güzəşt etmirdi: “Gələnin qabağında oynamırıq, gedənin dalınca ağlamırıq” (Safruh).
Ocaq yazılarının çapı gecikəndə deyərdi: “Oğul, onları başa sal ki, biz heç kəsə əl açmırıq, əksinə, əl tuturuq”.

Mütləq yaradıcı idi

Ocağın Ruhani biçimini yaratdı – Mütləq şəkildə. İdeya Mütləq idi, bu üzdən də təpərli idi. Deyirdi: “Bizdən asılı olmayan səbəbə görə ideyalarımızın gerçəkləşməsi bir qədər gecikə bilər; belə şeyi ürəyinizə salmayın. Başlıcası odur ki, İdeya Mütləq və bənzərsiz olsun. Qoy lap gec həyata keçsin, ancaq ruhani istək azalmasın. Bu gün baş tutmalı olan istək bizdən asılı olmayaraq gerçəkləşmədisə, həmin istəyi boğmayın. Qoy o istək içinizdə həmişə qalsın. Məqam yaradın və həyata keçirin”.